Kurban Berdıyev: “Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. Birdən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır ya da başqa psixoloji məqamdır.
– Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, Premyer Liqada oynayan futbolçu belə səhvə yol verə bilər?
– Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.
– “Turan Tovuz”un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir?
– İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc yığmalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.
– Sizin üçmün nəticə önəmlidir, yoxsa baxımlı futbol? “Turan Tovuz”un baxımlı futbol oynadığını düşünürsünüz?
– İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki azarkeşlər bundan zövq alırlar.
– Bura gələndə inanırdınız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsınız?
– Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulara təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.
– Milli fasilə komandanı tonusdan sala bilər?
– Yox. İstənilən halda fasilə lazımdır. Bu, bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.
– Transfer gözlənilir?
– Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.