"Layiqli qələbə qazandıq" - Siyasət Əsgərov
“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq”.
Msport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda Monteneqro yığmasına 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
36 yaşlı mütəxəssis bildirib ki, ikinci hissənin əvvəlində komandanın oyununda bir qədər eniş olub: “Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bundan sonra isə rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən, ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.
Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 10 xalla qrupa başçılıq edir.