featured-image-40364

“Matça çox fəal başladıq. Erkən qol da vurduq. Bundan sonra hesab arasındakı fərqi artırmaq üçün xeyli şanslarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Yekunda isə ani diqqətsizlik xal itkisinə gətirib çıxardı. Düşünürəm ki, bəxtimiz gətirmədi və 2 xal itirdik”.

Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadiri Misli Premyer Liqasının 15-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyun (1:1) barədə danışarkən deyib.

Qanalı yarımmüdafiəçi xal itkisini qaçırılan qol epizodları ilə əlaqələndirib: “Xeyli şansımız oldu. İkinci qolu vursaydıq, qalib gələcəkdik. Vaxtında fərqlənsəydik, indi başqa şeylər barədə danışardıq”.

O, bir neçə real şansdan faydalana bilməyən komanda yoldaşı Orxan Əliyevi günahlandırmayıb: “Qələbə qazana bilməmişiksə, bunda hamımızın günahı var. Səhvlərimiz üzərində işləməliyik. Daha çox çalışmalıyıq ki, eyni səhvləri bir daha təkrarlamayaq”.

Kadiri ardıcıl ikinci matçda “Səbail”i məğlub edə bilməmələrini bəxtsizliklə əlaqələndirib: “İlk dövrədəki səfər matçında da rəqibi üstələyirdik. O görüşdə qaçırılan qol şansları məğlubiyyətə gətirib çıxardı”.

27 yaşlı futbolçu vurduğu qoldan da danışıb: “Qapıya zərbə endirməyi nəzərimdə tutmuşdum. Bu, mənim gücümdür. Balaca bir şansım varsa, mütləq ondan faydalanmağa çalışıram”.

Oktyabrda Misli Premyer Liqasında “Ayın qolu”nun müəllifi olan Kadiri “Səbail”in qapısından keçirdiyi qolla yenə eyni uğuru təkrarlaya biləcəyini istisna etməyib: “Bu mümkündür. Pis qol deyil. Yenə də ayın ən yaxşı qolunun müəlifi ola bilərəm. Lakin düşünürəm ki, hələ bu barədə danışmaq bir qədər tezdir. Çünki bu, ayın ilk turudur”.

“Araz-Naxçıvan”ın üzvü növbəti turda “Zirə”yə qarşı keçiriləcək qarşılaşmdan da söz açıb: “Zirə” yaxşı komandadır. İlk dövrədə onları məğlub etmişdik. Bu dəfə də eyni nəticəni təkrarlamağa çalışmalıyıq”.

O, “Araz-Naxçıvan”ın enişdə olduğunu düşünmür: “Komandada eniş yoxdur. Sadəcə bir qədər bəxtimiz gətirmir. İnanıram ki, növbəti turlardan etibarən qələbələri sıralayacağıq”.

Sonda qanalı futbolçu “Araz-Naxçıvan”da maliyyə probleminin əmələ gəldiyi, maaş və mükafatların yubanması barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Belə bir şey yoxdur. Maaşlarımızı vaxtında alırıq. Maliyyə baxımından komandada sıxıntı yoxdur”.

Bənzər xəbərlər