featured-image-55372

“Qarabağ” komandasından çəkinmirik”.

Msport.az xəbər verir ki, bu sözləri İsveçin “Malmö” komandasının baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Azərbaycan təmsilçisinin əvvəllər də İsveç klubları ilə qarşılaşdığını xatırladan mütəxəssis bildirib: “Bəli, bu komanda “Gefle” və “Höteborq”la üz-üzə gəlib. “Qarabağ” xüsusilə evdə çox yaxşı oynayan komandadır. Biz Ağdam klubunun daha əvvəl qarşılaşdığı digər İsveç təmsilçilərindən daha güclüyük. Rəqibi analiz etmişik və deyə bilərəm ki, onlar bu qrupun iddialı komandalarından biridir. “Reyncers”lə keçirdiyimiz ilk oyundakı səhvləri təkrarlamaq istəmirik. Azərbaycana yüksək motivasiya ilə gəlmişik”.

49 yaşlı isveçli çalışdırıcı “köhlən atlar”ın Skandinaviya təmsilçilərinə qarşı üstünlüyü ilə bağlı sualı isə belə cavablandırıb: “Bunlar məni çox narahat etmir. Fikrimizi sabahkı oyuna yönəltmişik. “Qarabağ” “Sparta Praqa” və “Reyncers”dən güclü komandadır. Onlar topa çox yaxşı sahib olmağı bacarırlar”.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Malmö” oyunu saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər