"Mançester Siti" və "Liverpul"da baş məşqçiyə şans verirlər" - Maurisio Poçettino
PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris klubunu İngiltərənin top komandaları ilə müqayisə edib.
Msport.az “İnfobae”yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Premyer Liqası klublarında məşqçilərə daha çox şans verildiyini deyib:
“Mançester Siti”, “Liverpul” kimi klublar uzunmüddətli proektlərə etimad göstərirlər və baş məşqçiyə şans verirlər. Mən həmişə müqayisə aparmağa çalışıram.
Biz PSJ-də olarkən Liqa-1-i 15 xal fərqlə qazandıq. Çempionlar Liqasında “Real” bizi mübarizədən kənarlaşdırır və başa düşürük ki, problemlər olacaq.
“Siti” “Real”a uduzur, 5 dəqiqəyə 3 qol buraxır, lakin növbəti həftə Haalandı alırlar. Məşqçiyə yenidən özünü göstərməyə, Premyer Liqanı qazanmağa şans verirlər.
Layihələr müxtəlif cür olur. Baş məşqçiyə 7 ildir inanan “Mançester Siti” var, bir də var PSJ – orda isə o dəqiqə Çempionlar Liqasını qazanmağı hədəf qoyurlar, Fransa Liqa-1-i yox.
Bu başqadır və bunu qəbul edirəm. Bu, tənqid deyil. Biz PSJ-yə gələndə bilirdik ki, bu proekti davam etdirmək üçün çalışıb Çempionlar Liqasını qazanmalıyıq”.