Mikels: “Barselona”ya ikinci qolu vurmalı idim"
“Barselona” kimi komandaya qarşı oynamaq hamımız, bütün klub üçün çox xüsusi bir hadisə idi”.
Msport.az xəbər verir ki, bu sözləri UEFA-ya açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Barselona” ilə keçirilən oyundan sonra fikirlərini bölüşən hücumçu 1:4 hesabı ilə uduzduqları matçı belə şərh edib: “İlk hissədə həqiqətən yaxşı çıxış etdik, cəsarətli oynadıq və kifayət qədər qol imkanlarımız oldu. Topumuz dirəkdən qayıtdı, əslində fasiləyə qədər iki və ya üç qol vura bilərdik. Lakin bu səviyyədə, “Barselona” kimi rəqiblərlə qarşılaşmada fürsətləri boşa verəndə, onlar sizi cəzalandırırlar. Aramızdakı əsas fərq də bu oldu – böyük komandalar ən xırda səhvi belə bağışlamır”.
“Sabah”ın yeganə qoluna imza atan Mikels bildirib ki, matçda dubl müəllifi də ola bilərdi: “Şəxsi tərəfdən baxsaq, “Barselona”ya qol vurduğum üçün çox şadam. Amma dərhal sonra ikinci qolu vurmaq üçün çox yaxşı bir şansım da var idi, orada mütləq fərqlənməli idim. Bu cür epizodları dəyərləndirməyi öyrənməliyik. Hər bir halda, Çempionlar Liqasında belə bir rəqiblə qarşılaşmaq bizim üçün əvəzolunmaz bir təcrübədir”.







