“Qələbə heç vaxt asan deyil” – Hansı Flik
Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” Bakıda “Sabah”a 4:1 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans Diter Flik matç haqda fikirlərini bildirib:
“Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq. Bizim üçün vacib xallardır. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq”.
Flik oyunçuların performansından razı qaldığını bildirib: “Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi futbolçuları fasilədən sonra əvəzlədik. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis çıxış etdilər. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq”.
Baş məşqçi Aleks Baldenin durumu ilə bağlı suala cavab verib: “Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu matçda az oynadı. Amma ümumi olaraq yaxşı hesab etmək olar”.
O, Qabriel Xesusun “Sabah”a qarşı performansını da dəyərləndirib. Mütəxəssis futbolçuya daha çox şans verib-verməmək istəməmsi haqda danışıb: “Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə futbolçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə matçlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi”.
Mütəxəssis daha az oynayanların “Sabah”a qarşı çətinlik çəkib-çəkməməsi ilə bağlı suala belə cavab verib: “Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması mənfi təsir göstərmədi. Oyunlarından razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil”.
Hans Diter Flik Çempionlar Liqasında ən uzun səyahəti və bu prosesin necə keçməsi ilə bağlı suala da cavab verib: “Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün də gəlmişəm buraya. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. “Sabah” özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. “Sabah”ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. “Sabah”a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf getdiyini düşünürəm.







