Millimizin baş məşqçisi: “Futbolçular özlərində güc tapdılar”
“İlk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi”.
Msport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunun Macarıstanla səfər matçı barədə fikirlərini AFFA-nın mətbuat xidmətinə açıqlayıb: “Toplanış keçə bilməmişdik. Rəqib çox güclü idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər. Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli komandadır”.
Əsgərov qazanılan nəticədə futbolçuların xarakterinin rolunun qeyd edib: “Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vurdular. Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.
Qeyd edək ki, millimiz səfərdə 1:1 hesablı heç-heçəyə imza atıb.