featured-image-47197

“İndidən oyun barədə nə isə demək çətindir. Matçın videosunu izləmək, analiz etmək lazımdır”.

Msport.az xəbər verir ki, bunu Azərbaycanın U-17 yığmasının məşqçisi Aleksandr Qross deyib.

Çalışdırıcı Minskdə keçirilən UEFA İnkişaf turnirinin Özbəkistanla görüşündəki 0:2 hesablı məğlubiyyətə şərh verib: “Hazırda yalnız onu demək olar ki, ilk yarıda heç də pis oynamadıq. Qarşılaşmanın əvvəli yaxşı alınmadı, standart vəziyyətdən qol buraxdıq. Sonradan oyunu bərabərləşdirdik, hətta rəqibi üstələməyə başladıq. Qol imkanları da yaratdıq, vurmalı olduğumuz epizodu da qaçırdıq. İkinci hissədə isə rəqib daha bir qola imza atdı. Növbəti qarşılaşmaya hazırlaşacağıq”.

Qross heyətdəki 5 dəyişikliyin Belarusa 0:4 hesablı məğlubiyyətlə bağlılığını inkar etməyib: “Heyətdəki dəyişikliklər həm rotasiya, həm də ötən matçın nəticəsi ilə bağlı idi. Biz uşaq-gənclər futbolunda çalışırıq və oyunçulara beynəlxalq təcrübədə şans verməliyik ki, praktika qazansınlar. Bütün futbolçulardan yararlanmalıyıq. Bu, həm də ötən oyunun nəticəsinə reaksiya idi. 0:4 hesablı məğlubiyyətə reaksiya verməmək düz olmazdı”.

Baş məşqçi İlham Yadullayevin köməkçisi Tacikistana qarşı keçiriləcək son görüşə də toxunub: “Tacikistan millisində baş məşqçi dəyişib. Onlarda yeni çalışdırıcı var. Ola bilər ki, oyun planında dəyişikliklər də olub. Görüşə hazırlaşmaq üçün vaxtımız var”.

Qeyd edək ki, millimiz turnirin son turunda Tacikistanla qarşılaşacaq.

Bənzər xəbərlər