Millimizin seçmə mərhələdə ilk sınağı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Msport.az xəbər verir ki, dördüncü qrupda yer alan yığma ilk sınağında Serbiya seçməsi ilə qarşılaşacaq. Stara Pazova şəhərindəki idman mərkəzinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qarşılaşmanın baş hakimi finlandiyalı Yoni Hütiya olacaq. Ona həmyerlisi Yuuso Mantere və ukraynalı Aleksandr Berkut kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ukraynadan olan digər ədalət təmsilçisi Aleksey Derevinski yerinə yetirəcək.
Qeyd edək ki, qrupun digər oyununda Lüksemburq yığması Sloveniya ilə üz-üzə gələcək. Azərbaycan millisi qrupda növbəti matçlarını oktyabrın 24-də Sloveniyaya, 27-də isə Lüksemburqa qarşı keçirəcək.
Dördüncü qrupun qarşılaşmalarına Serbiya ev sahibliyi edir.