featured-image-29807

“Qarabağ” 10-cu çempionluğunu rəsmiləşdirdi. “Qarabağ”ın çempion olması bizim üçün o qədər adiləşib ki, necə ki, gecə hava qaralmalıdır, səhər açılmalıdır, aclıq gələndə yemək lazımdır, buna da o cür baxırıq.

“Qarabağ” bizi elə öyrədib ki, komanda qrupa düşəndə belə inciyirik. Çempionlar Liqası əvəzinə Konfrans Liqasının qrupuna vəsiqə qazananda hirslənirik, “Gent”i keçə bilməyəndə özümüzdən çıxırıq. Bizi qınamayın, uman yerdən küsərlər, bütün bunları “Qarabağ” özü edib, bizi buna alışdırıb.

“Qarabağ”  Avropaya sübut etdi ki, Azərbaycan klubları da futbol oynaya bilirlər, səfərdə meydana çıxanda futbolçuların əl-ayaqlarının əsməməsini biz ilk dəfə bu komandadan gördük. “Frayburq”un baş məşqçisi Kristian Ştraxyxın, “Nant”ın sabiq çalışdırıcısı Antuan Kombuarenin oyun qutaranda Qurbanova yaxınlaşıb onun komandasından heyranlıqla danışması, müsbət fikirlər səsləndirməsi – ortastatistik azərbaycanlı azarkeş üçün bundan gözəl nə ola bilər?

Bəzən adam fikirləşir ki, “Qarabağ” hər il çempion olur, Premyer Liqada rəqib tanımır, görəsən, Qurban müəllim bundan bezmir?  Amma “Səbail”lə oyun qutardıqdan sonra qarşıdakı 2 turda heyətdəki rotasiya ilə bağlı suala necə cavab versə, yaxşıdır? “Heyətdə dəyişiklik olacaq, lakin istəyirəm ki, mövsümün sonuna kimi futbolçularım yaxşı formada olsunlar”. Bax, işə bu cür münasibətdir, “Qarabağ”ı hər il çempion edən.

“Neftçi” Samir Abasovla 2 il əvvəl qızıl medallara yiyələnsə də, ardı gəlmədi. Digər klubların problemi budur, onlarda “Qarabağ”da olan stabillik çatmır. Abasov çempion olur, növbəti mövsüm istefaya göndərilir. Yaxud ondan əvvəl Tərlan Əhmədov komandanı avrokuboklara çıxarır, “çox sağ” əvəzinə, “yaxşı yol” eşidir.

“Qarabağ”da hər kəs işini yaxşı bilir, həkimdən fiziki hazırlıq üzrə məşqçiyə, dietoloqdan analitikə kimi. Kadini də satmaq olar, Vadjini də, Patrik Andrade də gedə bilər, Ovusu da. Amma mexanizm işləyir, ağacın kökünə zərər dəymir. Kadi kimi lider getsə belə, “Qarabağ” yenə çempion olur, böyük ehtimalla yayda yenə avrokuboklarda uğurla çıxış edəcəkər. Çünki “Qarabağ” fərdlərin komandası deyil. Burda vahid mexanizm var. İllər boyu Qurban Qurbanov və rəhbərliyin yaratdığı, qoruduğu sistem.

10-cu çempionluğun mübarək, “Qarabağ”!

AYXAN

Bənzər xəbərlər