featured-image-47607

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIII turunda öz meydanında “Neftçi”yə 5:0 hesabı ilə qalib gəlib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. “Neftçi”yə uğurlar arzulayıram.

– Toral Bayramovun ilk hissədəki oyununu necə dəyərləndirirsiniz?

– Çox narazı qaldım.

– “Qarabağ”ın bu mövsüm xal itirmədiyi yeganə komanda “Neftçi”dir. Bu komandaya qarşı xüsusi motivasiyanız olur?

– Elə oyunlar var ki, daha çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. “Neftçi”yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki, futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən maraqlı oyunlar “Neftçi” ilə “Qarabağ” arasında olur. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə, belə uğurlu seriya alındı. “Neftçi” ilə görüşlərdə futbolçulara əlavə nəsə demirik.

– Mateus Silva mərkəz müdafiəçisi kimi özünü necə göstərdi?

– Ondan razı qaldım. Neçə oyundur ki, onu mərkəzdə oynadırıq. Həmin mövqedə istədiyimiz oyunu göstərir. Mateusun hər iki mövqedə eyni səviyyədə oynaması mənim üçün üstünlükdür. Son vaxtlar tam olaraq özünü bu kollektivin üzvü kimi hiss edir.

– Mətbuatda sizin İspaniyada bir klubun düşərgəsində təcrübə keçəcəyinizlə bağlı xəbərlər yayılıb. Hansı kluba gedəcəksiniz?

– Hazırda belə bir plan yoxdur.

– Keçmiş “Neftçi”li kimi Bakı klubunun düşdüyü vəziyyət sizə necə təsir edir?

– Mənim cavab verməyim bəlkə də düz olmaz. “Neftçi”yə qarşı hamı istəkli oynayır. O ad həmişə onların üzərindədir. Hər komandanın eniş vaxtı olur. Nəinki “Neftçi”nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdur ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. “Neftçi” böyük klubdur. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq.

– “Qarabağ” heyətini gücləndirəcək?

– Ən azından heyəti qoruyub-saxlamağa və güclənməyə çalışacağıq.

– “Qarabağ”ın Emre Morla maraqlandığı ilə bağlı xəbərlər nə dərəcədə realdır?

– Xəbərim yoxdur.

Bənzər xəbərlər