“Neftçi” Kurçi üçün nə qədər ödəyib?
“Neftçi”nin FIFA-dan transfer qadağası almasına səbəb olan Alessio Kurçinin keçidi ilə bağlı detallar müəyyənləşib.
Msport.az xəbər verir ki, Lüksemburq mətbuatı “ağ-qaralar”ın transfer zamanı Belçika klubu “Frank Borains”a gecikdirdiyi ödənişin məbləğini açıqlayıb.
Bildirilib ki, ötən ilin yayında tərəflər 200 min avroluq məbləğdə ortaq məxrəcə gəliblər. Lakin Azərbaycan təmsilçisi bu pulun yarısını söz verdiyi vaxtda ödəmədiyi üçün belçikalılar FIFA-ya şikayət ediblər.
Lakin həmin borc sonradan ödənildiyi üçün “Frank Borains” şikayətini geri götürüb. Bu isə 24 yaşlı hücumçu ilə bağlı transfer qadağasının ləğv edilməsinə səbəb olub.
Qeyd edək ki, hazırda “Neftçi”nin formasını geyinən Alessio Kurçinin klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.







