featured-image-18883

Həqiqətən də “Neftçi”nin dərdi var. Amma belə görünür ki, bu dərdə dava tapacaq adam Laurentsiu Regekampf deyil. “Ağ-qaralar” Tovuz səfərində də bərbad oyun göstərdilər. Paytaxt klubu 3 xalla döndüyünə görə, bəxtinə və cərimə meydançasında əllə oynayan Faiq Hacıyevə minnətdar olmalıdır. Runi Evanın yüzfaizlik epizodları, dirəkdən dönən toplar qapıya getsəydi, “Neftçi” böyük hesabla məğlub olacaqdı.

Belə görünür ki, Regekampfın ağlı Rumıniyadan gələn təkliflərdə qalıb. Adam heç cür işinə köklənib komandasını böhrandan çıxara bilmir. Hələ qarşıda “Zirə” ilə Azərbaycan kubokunun 1\4 final mərhələsinin cavab oyunu var. “Neftçi” kubokda da mübarizəni dayandırsa, indidən gələn mövsümün planlarını cıza bilər. Təsəvvür edin, belə olarsa, “Neftçi”nin qışdan sonra ciddi məqsədləri, hədəfi qalmayacaq. Regekampfın dövründə futbolçuların hamısı performans baxımından geriyə gediblər.  Hansısa oyunçunun indi yaxşı formada olmasını demək belə, çətindir. Sayef açıq-aşkar Tovuzda oynamaq istəmirdi. Mübarizələrdən qaçır, hər dəqiqə özünü yerə atır, gözləyirdi ki, məşqçi onu əvəzləsin.

Ümumiyyətlə, “Neftçi”nin mövsmünün əvvəlində etdiyi transferlərin yararsız çıxdığını deyə bilərik. Donyonun yoxluğunda start heyətində meydana çıxan Boqomolski heç nə ilə yadda qalmadı. Ehtiyat oyunçular skamyasında gün keçirib yaxşı maaş alan Pato, nəyə görə transfer edildiyi bilinməyən Arveladze, heyətə düşməyən Mert Çelik, 14 matçda cəmi 4 dəfə fərqlənən əsas hücumçu Donyo… Bu siyahını uzatmaq da olar.

Komandanın bu vəziyyətdə olmasının əsas səbəbi həm də idarəçilikdir. Vitse-prezident Elnur Eyvazov vəzifəsindən azad olunsa da, (özü hələ də bunu təkzib edir) işə gəlir və otağını heç kimə təhvil vermir. Hətta prezident Kamran Quliyev Tovuz səfərinə yollanmasa da, o 430 km  məsafə qət edib gedir oyuna baxmağa. Hansı statusda? İdarəçi, ya azarkeş kimi?  Bunu müəyyənləşdirmək də çətindir.

Belə görünür ki, “Neftçi” bu mövsüm də titulsuz qala bilər. Buna kim cavab verəcək? Hələ də ağlı Rumıniyada qalan Regekampf, yoxsa rəhbərlik?

AYXAN 

Bənzər xəbərlər