Nicat Abasov: "Bu, mənim üçün ömürlük şansdır"
“Aydındır ki, reytinqdə rəqiblərdən geri qalıram, amma ümidvaram ki, bunun əksini sübut edəcəyəm”.
Msport.az xəbər verir ki, bunu “Chess.com” saytına müsahibəsində Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirakı ilə bağlı deyib.
28 yaşlı qrossmeyster bu yarışdakı məqsədinin ilk növbədə şahmatdan həzz almaq və bacardığı qədər yaxşı çıxış etmək olduğunu söyləyib: “Bu, mənim üçün ömürlük şansdır. Başqa belə imkanın olub-olmayacağından əmin deyiləm. Hər şeyi düzgün etmək istəyirəm. Nə qədər çox xal qazansam, bu, tarixdə qalacaq”.
Abasov norveçli Maqnus Karlsenin turnirdən imtinası sayəsində iştirak hüququ qazanmasına da toxunub: “Maqnus Karlsenin sayəsində bu şansı əldə etdim. Bütün bu müddət ərzində məndə bəzi şübhələ var idi. Bəlkə o, fikrini dəyişəcək? Ardıcıl bir neçə yarışda yaxşı oynamağa başlamışdı. Fikirləşirdim ki, bəlkə Karlsen titulu qoruyub saxlamağa çalışar. Onun qərarını da anlayıram. Bu, çox zehni hazırlıq tələb edir və sadəcə, yorucudur. Hazırda Maqnusun daha çox sərbəstliyi var. Şahmat üzərində çox işləyir. Lakin dünya çempionatı və İddiaçılar Turnirinə hazırlıq bir az fərqli və daha çox enerji deməkdir. Məncə, o, sadəcə, şahmatdan həzz almaq istəyir”.
Abasovun sözlərinə görə, 15 yaşında qrossmeyster olduqdan sonra hədəfləri yüksək olub, lakin sonradan İddiaçılar Turnirində oynamağı fikirləşmədiyini etiraf edib: “Budəfəki yarış məni hədəflərimə yenidən baxmağa vadar etdi. İndi böyük uğurlar qazanacağıma ümid edirəm”.
Qeyd edək ki, yarışın aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılıb.