Olimpiya qızılı əlindən alınan Nicat Rəhimovdan - Açıqlama
Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov diskvalifikasiyaya məruz qalması ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, o, İnstaqram hesabında paylaşım edib:
“Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı – Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm”.
Qeyd edək ki, Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı əlindən alınıb.
İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.