featured-image-70019

“Qəbələ” Azərbaycan Premyer Liqasının 6-cı turundə səfərdə “Qarabağ”a 0:2 ilə hesabı ilə məğlub olub. Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş haqqında fikirlərini bildirib:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, “Qəbələ”nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı bacarır. “Qarabağ” kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq futbolçular taktiki baxımdan düzgün oynadılar. “Qarabağ”ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.

– Yeni qapıçı transferi ilə bağlı yenilik var?

– Hələ ki bir şey yoxdur. Bir qapıçı gözləyirdik. Onun da başına gələnləri bilirsiz. Ukraynada orduya apardılar. Hazırda başqa variant yoxdur.

– Prins Ovusuya qırmızı vərəqəyə görə irad bildirəcəksiz?

– Əlbəttə ki, yox. Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qaydanı pozmamışdı. Sürüşdü, ona görə qaydanı pozdu. “Qarabağ” üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasınlar. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində bu cür “qırmızı” ilə bağlı şərh vermək çətindir.

– “Qəbələ”dən bu mövsüm hansı nəticəni gözləyək?

– Hər oyunda döyüşəcəyik. Əlbəttə ki, məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

– “Araz-Naxçıvan” azlıqda qalandan sonra “Qarabağ” 5 qol vurdu. Bu gün sizin komandanız sona qədər mübarizə apardı. Maraqlıdır, matçdan əvvəl məşqçilərin qırmızı vərəqə ilə bağlı planları olur?

– 2-ci dəqiqədə yox da (gülür). Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi çıxanda gərək dəyişiklik edəsən. Belə olanda oyunu yenidən qurmaq çətinləşir. “Qırmızı”dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. Bir daha vurğulayıram, futbolçularıma təşəkkür edirəm. “Qarabağ” tamamilə fərqli səviyyənin komandasıdır. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik.

Bənzər xəbərlər