"Onu əvəzləməsəydim, qırmızı vərəqə ala bilərdi" - İlham Yadullayev
“Bu turnir uşaqların beynəlxalq təcrübə toplaması baxımından vacibdir”.
Msport.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusda təşkil olunan beynəlxalq turnirdə Rusiyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
İlk hissənin sonlarında Ümid Səlimovu Murad Cabbarovla əvəzləməsinin səbəbini açıqlayan mütəxəssis bildirib: “Gənclər bəzən əsəsblərinə hakim ola bilmirlər. Belə olmağını istəməzdim. Amma Səlimov meydanda qalsaydı, ikinci sarıdan qırmızı vərəqə də ala bilərdi. Məhz buna görə onu əvəzlədim”.
Tez-tez futbolçularına qışqırması ilə bağlı sualı da cavablandıran Yadullayev bunun zəif çıxışla bağlı olmadığını söyləyib: “Sadəcə, uşaqlara motivasiya vermək istəyirdim. İki fərqli hissə izlədik. İlk yarıda müdafiədə diqqətli oynasaq da, hücumlarımız istədiyimiz kimi alınmırdı. İkinci hissədə futbolçulara tapşırıq verirdim ki, ön xətdə rəqibi təzyiq alıtında saxlayıb pressinq etsinlər”.