featured-image-41463

“Bojoviçin “Neftçi”nin baş məşqçisi olması Azərbaycan, xüsusilə bizim üçün böyük uğurdur”.

Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Azər Əliyev monteneqrolu Miodraq Bojoviçin baş məşqçi postuna təyin olunmasına münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Bojoviçin uğurlu olacağına inandığını bildirib: “Bojoviç Rusiyada böyük təcrübəyə malikdir. Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhvali-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Miodraq Bojoviç “Neftçi” ilə il yarımlıq müqavilə bağlayıb. O, bu postda rumıniyalı Adrian Mutunu əvəzləyib.

Bənzər xəbərlər