"Qaçmaq qorxaqlıqdır" - 0:4 uduzan "Kəpəz"in baş məşqçisi
“Kəpəz” Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Adil Şükürov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək… Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandaya yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.
– Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. “Kəpəz” nə edib?
– Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.
– 360 dəqiqəyə qol yoxdur. Bu nə ilə əlaqədardır?
– Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.
– Toparlanmaq üçün zamana ehtiyacınız var dediz. Vaxt dolana qədər qalacaqsız “Kəpəz”də, yoxsa bezib gedəcəksiz?
– Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
– Transferlər üçün klubun pulu var?
– Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.
– Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansız?
– Qətiyyən. “Kəpəz” tarixi klubdur. “Kəpəz” tarixdə çox uğurlar qazanıb. Bu mənə bəs edir.
– Transferlər etməli olduğunuzu dediz. Rəhbərlik yayda yatmışdı?
– Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik. (sportal.az)