"Qarabağ"a həlledici penaltini vuran futbolçu: "Bilmirdim ki, oyun qutarıb"
“Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyununda həlledici penaltini dəqiq yerinə yetirən “Gent”in futbolçusu Sederik Van Dale cavab matçından danışıb.
Msport.az “nieuwsblad.be”yə istinadən xəbər verir ki, təcrübəli futbolçu bütün diqqətini bu zərbəyə yönəltdiyini deyib:
“Həmin zərbədən sonra bir müddət “yox oldum”. Düzünü desəm, bilmirdim ki, oyun qutarıb. Bütün fikirim bu zərbədə idi”.
Xeyn Vanxazebruk 22 yaşlı sol cinah müdafiəçisini əlavə vaxtda döyüşə atıb. Görünür baş məşqçi nəsə bilirmiş:
“Meydana çıxmamışdan qabaq məşqçi soruşdu ki, “penalti vurmaq istəyirsənmi”? Bir an belə tərəddüd etmədim və hə cavabı verdim”.
120 dəqiqədən sonra penalti zərbələri qaçılmaz oldu. Devi Ruf Benziyanın zərbəsini dəf etdikdən sonra Van Dalenin şöhrət anı gəlib çatmışdı:
“Penaltini yerinə yetirəndə meydana cəmi 2 dəqiqə olardı ki, çıxmışdım. Fikirləşdim ki, Devinin hansısa zərbəni qaytarmaq imkanı ola bilər, ona görə də beşincini vurmağı qərara aldım. Həm də bilirdim ki, onların qapıçısı məni tanımır, bu, üstünlük idi. Digər tərəfdən onun bir neçə dəfə topun hansı küncə getdiyini tapdığını da gördüm. Topu qapıdan keçirdikdən sonra bir müddət bu dünyadan kənarda qaldım. Düzünü desəm, oyunun qutardığını bilmirdim. Yalnız geriyə dönüb görəndə ki, bütün uşaqlar üstümə gəlir, vəziyyəti anladım. Bu, əlbəttə unikal məqamdır. Belə şeyi heç vaxt unutmursan.
Bilirəm ki, penalti vura bilərəm, lakin belə məqamda stress olur. Mən nöqtəyə doğru yaxınlaşanda azarkeşlərimizin adımı qışqırdıqlarını eşitdim. Bu adama əlavə cəsarət verir. Bununla belə, siz bədəninizdə gərginliyi də hiss edirsiz. O anda fikrini cəmləməyə çalışırsan. Topu küncə vuracağıma güvənirdim, amma ürək döyüntülərim yüksək idi”.
Baş məşqçinin birdən-birə gənc Van Daleyə şans verməsi təsadüfi deyildi. Onun yaxşı reputasiyası var: “Gent”in gənclər komandasında 7 penalti vurmuşam, yalnız birini dəyərləndirə bilməmişəm. Bu pis göstərici deyil.
Əlbəttə, çoxlu hisslər keçirdim. Bir neçə il idi ki, bu günü gözləyirdim. Odur ki, məşqçiyə bu imkanı yaratdığı üçün minnətdaram. Əvvəlcə təəccübləndim, indi isə bu imkanı dəyərləndirdiyim üçün çox xoşbəxtəm”.
AYXAN







