“Qarabağ” azarkeşlər üçün yeni tətbiq istifadəyə verdi
“Qarabağ” klubu azarkeşlər üçün yeni tətbiq istifadəyə verib.
Msport.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, İsveçrənin “Blocksport” şirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Bu addım azarkeşlərimizin klubla əlaqələrinə yeni təcrübə gətirəcək. Yeni tətbiq Qarabağsevərlərin virtual şəkildə bir araya gəlməsini, fançatlarda müzakirələr aparmasını, klub haqqında yenilikləri rahat şəkildə əldə etməsini, klubumuzla bağlı özəl məzmun yaratmasını təmin edəcək.
Azarkeşlərimiz sosial şəbəkə hesablarını birarada izləmək, oyun proqnozları vermək kimi yeni imkanlar qazanacaq. Bu ekosistem azarkeşlərə xüsusi sorğular və səsvermələr keçirməsinə də töhfə verəcək. Tətbiqi iki dildə – Azərbaycan və ingilis dillərində istifadə etmək mümkündür.
Qeyd edək ki, “Blocksport” şirkəti idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. “Blocksport” müxtəlif idman növləri üzrə federasiya və liqalar, dünyanın fərqli bölgələrindən olan “Empoli”, “Partizan”, “Metallist”, “Leuven” də daxil olmaqla 100-ə yaxın klub, həmçinin ayrı-ayrı idmançılarla əməkdaşlıq edir.