featured-image-43531

“Bu komandaya 2008-ci ildə baş məşqi təyin olunmuşam. Burada uzun müddət işləmək və rəhbərliklə gözəl münasibət qurmaq mənə qismət oldu. Gələcəklə bağlı plan hazırladıq və ildən-ilə inkişaf etdik”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya mətbuatına açıqlamasında deyib.

Ağdam klubunun sükanı arxasına keçdiyi ilk dövrləri xatırlayan 52 yaşlı mütəxəssis bildirib ki, məşqçinin uğur qazanması çox çətindir: “Mən çox danışa, düşünə, başqalarından nəsə öyrənə bilərəm. Amma işi görən meydandakı futbolçulardır. Hər şey onlardan asılıdır”.

Q.Qurbanovun sözlərinə görə, “Qarabağ”ın uğur qazanmasında “tiki-taka” (dəqiq və qısa öturmələrdən ibarət oyun üslubu) sisteminin tətbiqi böyük rol oynayıb: “Stabil nəticələr üçün bu sistem bizim üçün vacib idi. Sevindirici haldır ki, bu oyun üslubuna uyğun gələn yaxşı oyunçular tapa bildik. Yaxşı oyun göstərmək istəyirsənsə, sürətli və dəqiq ötürmələr verməlisən. Əks halda hədəflərə çatmaq, istədiyin oyunu nümayiş etdirmək çətindir. Bu gün vəziyyət dəyişib və biz artıq “tiki-taka” sistemindən 100 faiz istifadə etmirik. Müasir futbolun tələblərinə uyğunlaşmağa çalışırıq”.

Aldığı təkliflərdən də söz açan baş məşqçi “Qarabağ”da qalmaqla doğru qərar verdiyini söyləyib: “Qarabağ”dakı işimə dəyər verdiyim üçün bu komandaya sadiq qaldım. Düşünürəm ki, təkliflərdən imtina etməyim düzgün qərar idi”.

Bənzər xəbərlər