"Qarabağ"dan Andrade ilə bağlı rəsmi açıqlama
“Qarabağ”ın futbolçusu Leandro Andrade Rusiya klublarının maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, bu barədə kabo-verdeli yarımmüdafiəçinin agenti Uqo Kadjuda “sport24.ru” saytına açıqlamasında deyib.
O, bildirib ki, “Rubin” və “Krasnodar” oyunçunun xidmətində maraqlıdır: “Həqiqət budur ki, “Rubin” futbolçunun oyununu izləyir. Andrade ilə “Krasnodar” da maraqlanır. Görək, bütün bunların nəticəsi necə olacaq”.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov isə “Sport-Express” nəşrinə açıqlamasında Andrade üçün Rusiya klublarından təklif almadıqlarını vurğulayıb: “Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların hansısa futbolçumuzu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludular. Çünki onun “Qarabağ”la müqaviləsi var”.
Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə verib.