featured-image-43563

Rusiya mətbuatı “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” üzərində qazandığı səs-küylü qələbədən yazıb.

Msport.az xəbər verir ki, “championat” nəşri Ağdam təmsilçisinin səfərdə Çempionlar Liqasının son iştirakçısına dörd qol vuracağını heç kimin proqnozlaşdırmadığını yazıb:
“Birinci hissədə üstünlük “Braqa”da idi. Statistikaya görə, qapıya beş dəqiq zərbə vurmuşdular. Buna baxmayaraq, meydan sahibləri Andrey Lunyovun qoruduğu çərçivəyə yol tapa bilmirdilər. “Qarabağ” isə 45 dəqiqə ərzində qapıya yeganə zərbəsi ilə hesabı açıb. Özü də penaltidən. Cərimə meydançasındakı duel Qomesin Cəfərquliyevə qarşı kobudluq etməsi ilə başa çatdı və monteneqrolu Yankoviç penaltini qola çevirdi.

Meydan sahibləri fasiləya az qalmış hesabı bərabərləşdirə bildi. Lunyovun tamamilə qüsursuz matç göstərdiyini söyləmək olmaz. Bir-iki dəfə üstünə gələn topu tam olaraq ram edə bilmədi. Qol epizodunda isə qapıdan bir qədər inamsız çıxdı: bir addım irəli atdı, sonra geri çəkildi. Bununla belə, qapıçı üçün çox çətin epizod idi. Künc zərbəsindən sonra Banza başla fərqləndi”.

Amma fasilədən sonra “Qarabağ” daha yaxşı idi. Qurban Qurbanovun komandası rəqibi səhvlərinə görə mükəmməl cəzalandırdı. Düzdür, azərbaycanlılar ikinci qolu bir az da bəxt hesabına vurdular. Cərimə zərbəsindən sonra canlı səddə dəyən top Zubirin qabağına düşdü. Fransalıya ancaq qapıçını keçmək və lazımi şansı əldən verməmək qaldı.

Bu, “Braqa” üçün noqdaun idi və “Qarabağ” ikinci hissənin ortalarında dörd dəqiqə ərzində iki qolla meydan sahiblərini şoka saldı. Azərbaycanlılar əla əks-hücumlarq keçirdilər. Əvvəlcə Zubir mərkəzdən Juninyoya əla ötürmə verdi, braziliyalı isə öz klasını göstərdi. Epizod VAR tərəfindən yoxlanıldı, lakin ofsayd yox idi – hakim qolu hesaba aldı.

Yeri gəlmişkən, oyunöncəsi mətbuat konfransında Qurban Qurbanov Braziliyadan olan əcnəbi futbolçuları haqda danışıb:
“Oyunçularım topla necə oynamağı və onu hiss etməyi bilirlər. Texniki cəhətdən yaxşıdırlar. “Qarabağ”da həmişə braziliyalılar olub və onların böyük faizi Portuqaliyada oynayıb. Onlar Avropa mentalitetinə mükəmməl uyğunlaşırlar. Bu oyunçuların mədəniyyətinə hörmət edirəm…”

Daha sonra Zubir dubla imza atdı. Meydançanın mərkəzində topu ələ keçirən “Qarabağ” sürətli əks hücum təşkil etdi və fransalı futbolçu lazımi anda topu uzaq dirəkdə qarşıladı. “Braqa”nın baş məşqçisi Artur Jorje çaşqın görünürdü və oyunçuları da eyni vəziyyətdə idilər.

Portuqaliyalıların sonda edə biləcəyi yeganə şey penaltidən bir qol vurmaq oldu. Silva Fernandesi öz cərimə meydançasında yerə sərdi. Lunyov portuqaliyalı ulduz Moutinyunun topu hara vuracağını təxmin etsə də, zərbə dəqiq alındı. Statistikaya görə, Andrey altı seyv etdi və yüksək reytinq qazandı – 7,9 xal.
Bu nəticədən sonra Lunyov “Qarabağ”la Avropa Liqasının 1/8 finalına çıxmağa çox yaxındır”.

Qeyd edək ki, cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər