"Qəbələ"də türkiyəli məşqçi
“Qəbələ”nin əsas komandasında daha bir təyinat reallaşıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çağlar Volqa Elmar Baxşıyevin məşqçilər korpusunda təmsil olunacaq.
Türkiyəli mütəxəssis “qırmızı-qaralar”da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək. 46 yaşlı məşqçinin son klubu “Samsunspor” olub.
Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. O, “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.