“Qəbələ”də üç müqavilə
“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qruplarına yay seçimlərinin birinci mərhələsi başa çatıb.
Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan seçimlərdə 2009-13-cü il təvəllüdlü futbolçular iştirak ediblər. Seçimlərə ümumilikdə 500-dən artıq futbolçu qatılıb.
Akademiyanın məşqçiləri bütün Azərbaycanı əhatə edən seçimlərdə Bakı, Gəncə, Sumqayıt, İmişli, Göyçay, Ucar, Yevlax, Qax, Zaqatala və digər bölgələrdən olan oyunçuları sınaqdan keçiriblər. Seçimlərdə xüsusi fərqlənən üç futbolçu ilə birbaşa müqavilə imzalanıb. 40-a yaxın oyunçu növbəti mərhələyə dəvət olunub.
“Qəbələ” Futbol Akademiyasının koordinatoru Famil Xəlilov gabalafc.az-a açıqlamasında seçimlərdən razı qaldığını bildirib: “Son illərlə müqayisədə bu dəfə iştirakçı sayında artım müşahidə olundu. Akademiya yaranandan indiyə qədər nadir hallarda seçimlərin bütün günü əhatə etdiyinə şahid olmuşuq. Adətən seçimlər günün ilk yarısında başa çatırdısa, bu dəfə iştirakçı çox olması üzündən daha uzun müddət sürdü. Üç meydançada paralel oyunlar təşkil olundu. Seçimlərə maraq böyük idi, xüsusilə də bölgələrdən. Heç kimin diqqətini cəlb etməyən, rayon UGİM-lərində istedadların olması sevindirici məqamdır. Onların məşqçiləri ilə də görüşdük, belə şəraitdə futbolçu yetişdirdikləri üçün hədiyyələr verib, təşəkkür etdik. Məşqçilər heyətimizin üzvləri seçimlərdəki hər iştirakçıya diqqət yetirdik, heç kim narazı qalmadı. Seçilməyən oyunçuları növbəti seçimlərə çağırdıq, ruhdan düşməməyi tövsiyə etdik, yenidən seçimlərə qatıla biləcəklərini dedik. Özünü göstərə bilməyən elə oyunçular olur ki, növbəti seçimlərdə çox irəliləyiş hiss edilir”.