featured-image-44020

“Qəbələ” “Kəpəz”ə uduzduqdan və əsas rəqibindən 8 xal geri qaldıqdan sonra Elmar Baxşıyevlə yollarını ayırmağı qərara aldı. Rəsmi xəbərdə 44 yaşlı mütəxəssisin istefa verdiyi və rəhbərliyin də bunu qəbul etdiyi bildirilir. Dünənki məğlubiyyətdən sonra komandada ab-hava yaxşı deyildi və hansısa dəyişikliyin olacağı gözlənilən idi. Hakimin mübahisəli qərarları öz yerində, “Qəbələ” “Kəpəz”ə qarşı ortaya ciddi heç nə qoya bilmədi. Baxşıyevin komandası meydanda qaçmırdı, gəzirdi. Tribunalarda olan azsaylı azarkeşlər isə artıq baş məşqçini istefaya çağrırdı.

Baxşıyevin indi göndərilməsi gecikmiş addımdır. “Qəbələ” mövsüm başa çatdıqdan sonra ciddi strateji səhvlərə yol verdi. Guya qənaət edirlər deyə, heyəti qoruyub saxlaya bilmədilər. Yeni gələnlərin səviyyəsini isə hamı gördü. Komanda mövsümün gedişində heç cür toparlana bilmədi. Lukas Afriko Ruanı, Xalayla Utziqi, Auşeriya Felipe Santosu, Rauf Hüseynli Məqsəd İsayevi əvəzləyə biləcək potensiala malik deyildi. Hələ bir tərəfdən də mövsüm boyu davam edən qapıçı problemi.

Bəlkə də “Qəbələ” daha tez baş məşqçi postunda dəyişiklik etsəydi, bu işlər vəziyyətə gəlib çıxmazdı. İddia  etmirik ki, komandanın bu vəziyyətə düşməsinin əsas və yeganə müqəssiri Baxşıyevdir. Amma “Kəpəz”in timsalında gördük ki, vaxtında qan dəyişikliyi olanda və doğru seçim ediləndə, böhrandan çıxmaq mümkündür. İndi “Kəpəz” Şükürovun rəhbərliyi altında çempionatın ən baxımlı oyun göstərən komandalarından biridir. Futbolçuların ustalıq səviyyəsi istənilən kimi olmaya bilər, amma Gəncə klubunda ən azı məşqçi işi görünür.

“Qəbələ” isə günü-gündən bataqlığa doğru gedirdi. Düzdür, hələ də hər şey itirilməyib və komandanı Premyer Liqada saxlamaq olar. Sadəcə belə məqamda hansı məşqçi riskə gedib bu yükün altına girməyə razılıq verər?

Bənzər xəbərlər