featured-image-42325

“Qəbələ”nin müdafiəçisi Lukas Afriko “abola.pt” saytına müsahibə verib.

Msport.az xəbər verir ki, uzun müddət Portuqaliyada çıxış etmiş 28 yaşlı braziliyalı futbolçu həm öz karyerasını dəyərləndirib, həm də “Qarabağ”ın “Braqa” ilə dueldə şanslarına toxunub.

– Azərbaycanda uyğunlaşma problemi yaşamırsınız?

– Portuqaliyada olmaq asan idi. Braziliyaya bənzəyir, eyni dildə danışılır, insanlarla ünsiyyət qurmaq asandı. Azərbaycanda mədəniyyət fərqlidi, müəyyən çətinliklər yaşadım. Amma burada evimə yaxın olan bəzi braziliyalılarla tanış olmağım bir az işimi asanlaşdırdı. Yeni təcrübədən həzz alıram, bundan maksimum yararlanmaq istəyirəm.

– Ən çox nədən ötrü darıxırsınız?

– Dostlarımla yaxın olmaqdan, qısa səfərlərə imkan verən yerdə olmaqdan ötrü. Futbol bir az fərqlidi, lakin həm də çox standartlaşdırılıb. Azərbaycanda rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi, yaxşı komandalar, güclü futbolçular var. Beş il Portuqaliyada oynadığım üçün Avropa futboluna öyrəşmişəm. Azərbaycan da bu baxımdan geri qalmır.

– Klesio Baukla birlikdə çıxış edəcəksiniz?

– O, hələ Afrika Millətlər Kubokunda oynayır

– “Qəbələ”nin heyətində “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la iki dəfə qarşılaşmısınız?

– “Qarabağ” Azərbaycanın ən böyük komandasıdı. Çox yaxşı oyunçular var, Juninyo, Riçard Almeyda, Julio Romao kimi bəzi futbolçular Portuqaliyada oynayıb. Onlar “Braqa”nı yaxşı tanıyırlar. İki bacarıqlı komandanın görüşü olacaq.

– “Qarabağ”ın güclü tərəfləri nələrdi?

– Onların yaxşı baş məşqçisi var, keçidlərdə çox sürətlidilər. Çox adamla hücuma çıxırlar. Üstəlik, müdafiə olunmağı da bacarırlar və aqressivdilər.

– Portuqaliya liqasında oynamış futbolçularla bu barədə danışırsınız?

– Bəli, danışıram. Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşüb nahar etmişik. “Braqa” ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədilər.

– Yenidən Portuqaliyaya qayıtmaq istərdiniz?

– Yaxşı təkliflər olsa, təbii ki, bu haqda düşünəcəyəm və buna hazır olacağam. Mənim Portuqaliyaya böyük sevgim var, ölkəni və liqanı yaxşı tanıyıram.

Bənzər xəbərlər