featured-image-36566

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının V turunda “Səbail”ə səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə görüş haqda fikirlərini bölüşüb:

Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu. Dinamik, mübarizə matçı izlədik. “Səbail”i təbrik edirəm. Deyəcək çox söz yoxdur. Yüz faizli epizodlarımız var idi, istifadə edə bilmədik. Rəqib imkanlardan maksimum istifadə elədi. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım.

– Səbail” çox vaxt uzadırdı. Bu oyunun gedişinə nə dərəcədə təsir edirdi? 

– Əlbəttə, belə şeylər təsir göstərir. Bu barədə hakimlərə deyəndə əmin edirlər ki, vaxtı artıracaqlar. Söhbət ondan getmir ki, vaxt gedir, oyunun tempi aşağı düşür. Oyunun tempini artırmaq istəyəndə də olmur. İkinci hissə demək olar ki, belə keçdi, hər dəfə 3-4 dəqiqəlik pauzalar yaranırdı.

– İtirilmiş xalları kompensasiya edə biləcəksiniz? 

– Nə qədər sıx, ağır qrafikimiz olsa da, qış fasiləsinə kimi bu xalları kompensasiya etmək lazımdır. Qrup mərhələsini keçə bilsək, qış fasiləsindən sonra da təqvimiz sıx olacaq. Amma artıq kifayət qədər çox xal itirmişik. Liderlər qrupunda olmaq istəyiriksə, xallar yığmalıyıq. Topladığımız xalllar məni razı salmır. Bu mövsüm əvvəlkilərdən çox fərqlənəcək.

– Fasilədən necə yararlanacaqsız?

– Əfsuslar olsun ki, komanda olaraq bir yerdə istirahət edə bilməyəcəyik. Milli komandalara gedən oyunçular var. Digər futbolçularla üç günlük istirahətdən sonra məşqlərə başlayacağıq.

Kvabena Ovusunun “Qarabağ”a qayıdacağı iddia edilir. Bu, nə dərəcədə doğrudur?

– Mən də sizin kimi mətbuatdan oxumuşam. Belə bir danışıq olmayıb.

– Bu gün qapıda Şahruddin Məhəmmədəliyevə şans vermiyinizin səbəbi nə idi?

– Limit amili də var idi. Belə düşündük.

– Avropa Liqasının qrup oyunlarının təqvimini necə dəyərləndirirsiz?

– Normal. Oyunlara hazırlaşacagıq.

– Bəhlul və Bədavinin formaya düşməsi nə qədər çəkəcək?

– Bəhlulda hər şey normaldır. Bədavi zədəlidir. Onun komandaya qoşulmasına 15-20 gün var.

– Bəhlul Medina qədər effektli deyil…

– Bəhluldan razıyam. Həm Bəhlul, həm Medina müdafiədə etibarlı oynayır. Məncə bir-birini heç də pis tamamlamırlar.

– 5 tura 2 məğlubiyyət və 1 heç-heçə. Bu, çempionatda sizin üçün faciəyə çevrilə bilər?

– Deməzdim faciə olacaq. Amma nəticəyə təsir edə bilər. Turnir cədvəlinə baxsaq, yığdığımız xallardan razı deyilik. Görünür ki, bu il çempionat tam fərqli olacaq. Böyük çempionatlarda bəzən düşünülməmiş nəticələr olur. Ola bilər ki, bu il ona getsin.

– Nəriman Axundzadənin faydalı iş əmsalının yüksək olması üçün ona nə qədər vaxt lazımdır?

– Müddət olaraq deyə bilmərəm. Məncə, mütəmadi oynamaq lazımdır. Özü də bu haqda düşünməlidir. Oyunçu var daha tez adaptasiya olur, oyunçu var vaxt lazımdır. İnandığım futbolçulardandır. Mən şərait yaradıram, özü də gərək aktiv olsun.

– Sizcə, Avropa Liqasının qrup səddini keçmək mümkündür?

– Biz də çox istəyirik azarkeşlərimizi daha uğurlu nəticələrlə sevindirək. Hər turnirdə maksimum gücümüzdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi bu il də çalışacağıq ki nəticələrimizi minimum qoruyub saxlayaq.

Bənzər xəbərlər