featured-image-37712

“Komandamız bu gün çempionatdakı ən yaxşı oyunlarından birini oynadı. Futbolçular demək olar ki, verilən bütün tapşırıqları yerinə yetirdilər. Həm müdafiədə, həm hücumda məzmunlu oyun sərgilədik. Komandamızı, azarkeşlərimizi təbrik edirəm, vacib 3 xal qazandıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, cəzalı olduğu üçün texniki zonada yer almayan baş məşqçi Qurban Qurbanovun yoxluğunun özünü göstərdiyini vurğulayıb: “Fasilədə Qurban müəllim komandaya oyundan qopmamağı tapşırdı. Təbii ki, Qurban Qurbanovsuz çətindir. Yoxluğu hiss olunurdu”.

E.Rəhmanov bugünkü matçdan öncə UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılacaqları “Hekken” barədə düşünmədiklərini söyləyib: “Hekken”in son matçda 4 qol vurması barədə düşünmürük. Çempionatdakı oyunumuzu fikirləşirdik. Hər görüşdə olduğu kimi, bugünkü qarşılaşmaya da 3 xal üçün çıxmışdıq. Əsas odur ki, komanda bu gün yaxşı çıxış etdi”.

O, İsveç klubu ilə matça ciddi hazırlaşacaqlarını qeyd edib: “Son vaxtlar sıx qrafikdə oynayırıq. “Hekken”lə matça ciddi hazırlaşacağıq. 2 gün əvvəldən səfərə yollanacağıq ki, yor yorğunluğu olmasın. Rəqibin oyunu barədə lazımi tapşırıqları futbolçulara verəcəyik”.

Rəhmanov müdafiədə çıxış edən futbolçulardan da söz açıb: “Zamanla daha yaxşı Bədavi görəcəyik. “Hekken”lə oyuna daha yaxşı performans qazanması üçün bu gün onu qoruduq. Qarşıdakı matçda o, daha yaxşı fiziki durumda olacaq. Maksimə gəldikdə isə, bugünkü oyun göstəridi ki, Maksim 90 dəqiqə mübarizə aparmağa hazırdı. Lazım olanda bizə kömək edəcək”.

“Qarabağ”ın məşqçisi “Demək olar ki, Lunyov artıq “Qarabağ”ın əsas qapıçısıdır?” sualını belə cavablandırıb: “Lunyovun uzun müddət oyun praktikası yox idi. Bu səbəbdən də ona daha çox şans veririk. Lunyov da şans qazandığı matçda özünü yaxşı tərəfdən göstərir. Qarşıdakı matçlarda kimin əsas heyətdə olacağını zaman göstərəcək”.

Bənzər xəbərlər