"Rəhbərlik nə qərar versə, elə də olacaq" - "Şamaxı"nın baş məşqçisi
Azərbaycan Premyer Liqasında X turun “Şamaxı” – “Qəbələ” (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb
Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Azarkeşlərimizə təşəkkür edirəm. Onları səbirli olmağa çalışıram. Sıfırdan formalaşmışıq və gənc futbolçularımız var. Oyunun gərgin keçəcəyini bilirdik. “Qəbələ”nin təcrübəli oyunçuları var, dinamik futbol oynayır. Onlara qarşı oynamaq çətindir. Ancaq sona qədər mübarizə apardıq. Əks-hücumda oynamaq istəyirdik. Bəzən alınırdı, bir neçə imkanımız oldu. Qol buraxsaq da, toparlana bildik. Hədəfimiz xal və xallar qazanmaqdır. Bu, hər şeyin yaxşı olması demək deyil. Üzərində işləyəcəyimiz çox şey var.
– “Qəbələ” kimi komandadan xal almaq əlavə motivasiya verəcək?
– Əlbəttə. Hər oyunda sona qədər mübarizə aparırıq. Sadəcə, son dəqiqələrdə qollar buraxırdıq. Bəxtsizlik bizdən əl çəkmir. Hər oyuna nizam-intizamla hazırlaşırıq. Ani diqqətsizlikdən qollar buraxırıq. Bu xal bizə motivasiya verəcək.
– AFFA 23 nömrəli futbolçu – Rövşən Şahmuradovun formasında adı yazılmadığı üçün klubu cərimələdi, amma bu gün yenə o, həmin formada meydana çıxmışdı.
– “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov: Oyun başlayandan sonra cərimədən xəbərimiz oldu. Bizim səhvimizdir. Növbəti oyuna qədər aradan qaldırmağa çalışacağıq.
– Komandada gənclər var, amma səhvləri təcrübəli oyunçular edir…
– Qol buraxanda bütün komandanın səhvi olur. Təcrübəli futbolçular gənclərin inkişafı üçün çox vacibdir.
– Qışda heyətə legioner cəlb edilməsi müzakirə olunacaq?
– Rəhbərliklə belə görüşümüz olmayıb. Qış fasiləsi ərəfəsində danışıb, qərar verəcəyik. Biz də istərdik ki, legionerlər olsun. İstəyirik, belə davam edək. Qəti bir şey yoxdur. Rəhbərlik nə qərar versə, elə də olacaq.