featured-image-44403

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçı dəyərləndirib. Msport.az xəbər verir ki, o, hakimlikdən razı qaldığını bildirib:

“Oyundan əvvəl qələbəyə köklənmişdik. Nəzərə almaq lazımdır ki, növbəti tur “Qarabağ”la səfərdə oynayırıq. Gedişat elə oldu ki, 1 xala hamımız razı qaldıq. Oyuna çox yaxşı başladıq. İlk on dəqiqəni yaxşı keçirdik, sonra Məqsəd İsayev zədələndi, meydanda azlıqda qaldıq. Qol buraxanda meydanda azlıqda idik. Rəqib dərhal bundan istifadə etdi. Sonradan oyunu bərabərləşdirməyə çalışırdıq, amma istədiyimiz kimi alınmırdı. Utrix də zədələndi. O da bizim üçün böyük itki oldu. Onsuz da hücum xəttimizdə çoxsaylı itkilərimiz var idi. Hansısa futbolçularla sığortalamağa çalışırdıq. Əvəzetməni hazırlayırdım ki, ikinci hissədə daha hücuma meyilli oyuna keçək. O anda Cibril İssa qırmızı vərəqə aldı. Belə məqamlarda soyuqqanlılığı qoruyub saxlamaq lazımdır. Bütün bunlar bizim üçün bir sınaq idi. Mən də futbolçularıma fasilədə məhz bunu dedim ki, sona qədər mübarizə aparaq. Şükürlər olsun ki, məğlubiyyətdən qaça bildik. “Turan” qələbə qazansaydı, aramızdakı xal fərqi 1-ə enəcəkdi. Həm də 1 xal sayəsində “Sumqayıt” və “Neftçi” ilə xallarımız bərabərləşdi. 10 nəfərlə bu qədər uzun müddət qalıb bir xal qazanmaq da pis nəticə deyil. Bunları nəzərə alsaq, futbolçularıma təşəkkür edirəm”.

R.Sadıqov Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün əlverişsiz vəziyyətdə olduğunu deyib: “Bu meydanda nadir hallarda texnikalı futbol oynamaq olur. Çalışıb üzərində işləsək də, heç cür meydanı düzəldə bilmirik. Artıq 2-3 oyundur ki, öz meydanımızda rəqib üzərində istədiyimiz üstünılüyü yarada bilmirik. Sürəti istədiyimiz kimi qaldıra bilmirik, texnikalı futbol oynaya bilmirik. Ümidvaram ki, havalar isinir və növbəti turlarda ot örtüyü daha yaxşı vəziyyətdə olacaq”.

“Zirə”nin baş məşqçisi hakimlərin işindən razı qaldığını bildirib: “Düzü, qırmızı vərəqəyə baxmamışam. Amma Rəvan Həmzəzadə çox inamlı göstərdi və VAR da təsdiqlədi. Böyük ehtimalla, orda qırmızı vərəqə var idi. Penalti epizoduna isə telefonda baxdıq. Penalti var idi və “Turan” komandası da çox etiraz eləmədi. Ümumiyyətlə, hakimlik yaxşı idi, mübarizəyə imkan verirdi”. (CBC Sport)

 

Bənzər xəbərlər