“Rəşad Sadıqov yaxşı işlər görüb” – “Araz-Naxçıvan”ın futbolçusu
“Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı klubun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları matça toxunub:
“Nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə qarşılaşmaya köklənmişik. Çoxsaylı qol epizodları yaratsaq da, üç xalı rəqib qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar”.
Bayramlı “Zirə” ilə oyuna hazırlaşdıqlarını söyləyib:
“Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhvali-ruhiyyə də yaxşıdır. “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.
Oktyabrın 1-də oynanılacaq “Araz-Naxçıvan” – “Zirə” qarşılaşması saat 18:30-da başlayacaq.