Roman Qriqorçuk: “Düzgün yoldayıq”
“Neftçi” Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Şamaxı” ilə 0:0 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Nəticə bəllidir. Oyundan necə, razı qaldınız?
– Təsdiqləyirəm ki, nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam inteqrasiya olmayıblar. Bu cəhətdən axsamalarımız var.
– Əvvəlki 4 oyunla müqayisədə bu gün müsbətə doğru hansı elementləri sezdiniz və bu matç azarkeşlərə ümid verə bilər?
– Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Ancaq onları bacarmadıq.
– Beş oyuna cəmi 2 qol vurmusunuz. Bu haqda nə deyəcəksiniz?
– Bu gün çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi.
– Milli komandanın oyunlarına görə fasilə yaranacaq. Bu barədə fikriniz necədir?
– Bizim üçün bu fasilə çox vacibdir. Komandamızın daha da yaxşı komplektləşməsi vacibdir. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. İstəyirik ki, komandamız daha kəskin hücumlar etsin. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik.
– Avropada adətən görmüşük ki, növbəti mövsümün hazırlığı, heyətin komplektləşməsi daha erkən baş verir. “Neftçi”də isə mövsüm başlayıb, yeni transferlər indi gəlir, adaptasiya gedir. Bunları yayda yekunlaşdırıb, toplanışa tam heyətlə getməyinizə nə mane oldu?
– İndiki heyətlə yay toplanışına öncədən başlasaydıq, 300 faiz daha yaxşı oynayardıq. Amma bəzi səbəbləri bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir.