Romao: "Juninyonun ən böyük silahı sürətidir"
“Onun əsas xüsusiyyəti rəqib müdafiəçilərin arxasına sürətlə qaçmağıdır. Həm də topu oğurlayıb sürətlənməyi. Yarımmüdafiənin cinahlarında da çox yaxşıdır. Bir sözlə, ən böyük silahı sürətidir”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Julio Romao Braziliyalı mətbuatına açıqlamasında deyib.
Həmyerlisi Juninyonun “Flamenqo”ya keçidini şərh edən braziliyalı yarımmüdafiəçi onun yeni klubunda oynamağa və potensialını göstərməyə həvəsli olduğunu bildirib: “Biz A Seriyasında ondan ən yaxşısını gözləyə bilərik”.
Romao Azərbaycan və Braziliya futbolunu da müqayisə edib: “Burada hər şey Braziliyadan tamam fərqlənir Braziliyada azarkeş təzyiqi böyükdür. Burada isə baş məşqçi (Qurban Qurbanovu nəzərdə tutur – red.), çox şey tələb edir. O, jurnalistləri və azarkeşləri bizə yaxın buraxmır. Bura daha sakitdir, boş vaxtlarımızda normal həyat sürə bilirik. Əgər çölə çıxmaq istəsən, heç kim səni və ailəni narahat etməyəcək, oyun haqda heç nə deməyəcək. Bu, daha çox çox şey tələb edən məşqçinin gündəlik təzyiqinə bənzəyir”.
Qeyd edək ki, Juninyo “Flamenqo” ilə 2028-ci ilədək müqavilə bağlayıb.