featured-image-44712

Rusiyanın “championat.com” “Qarabağ”ın UEFA Avropa Liqasının 1\8 final mərhələsində “Bayer”lə keçirdiyi ilk oyuna (2:2) geniş yazı həsr edib. Msport.az kiçik ixtisarla bu yazını təqdim edir:

“Qarabağ” Avropa Liqasının 1\8 final mərhələsinin ilk oyununu Almaniya Bundesliqasının liderinə qarşı keçirdi və az qalmışdı ki, rəqibin məğlubiyyətsiz oyunlar seriyasına son qoysun.

Bundan əvvəlki mərhələdə “Qarabağ” sensasiyalı şəkildə “möhkəm” “Braqa”nı keçmişdi. Qonaqlar Portuqaliyada 4:2 hesabı ilə qalib gəldilər, evdə 0:2 uduzduqları matçda əlavə vaxtda 2:1 üstün oldular.

“Bayer” qrup mərhələsində 6 oyunun hamısında qələbə qazanaraq, qrupda 1-ci yeri tutmuşdu. Leverkuzen klubu bunun sayəsində birbaşa 1\8 finala yüksəlmişdi. Yeri gəlmişkən, “Bayer” qrupda hər iki oyunda (5:1, 1:0) “Qarabağ” üzərində qələbə qazandı.

Xabi Alonso “Köln”lə çempionat matçından (2:0) fərqli olaraq, heyətdə bəzi dəyişikliklər etmişdi. Lukaş Qradetski, Yosip Stanişiç, Pyero İnkapye, Florian Virts, Qranit Caka, Patrik Şik kimi futbolçular ehtiyatda qalmışdı. İspaniyalı məşqçinin komandası Bundesliqada ən yaxın izləyicisini 10 xal qabaqlasa da, belə addım atmışdı.

Birinci hissədən sonra sual yarandı: Bu matçda favorit kimdir? Bəli, “Bayer” topa daha çox nəzarət edirdi (64-ün 36-ya nisbəti), amma “Qarabağ” 9 zərbə (dördü çərçivəyə) endirmişdi, rəqib isə 4 zərbə (biri çərçivəyə).

Meydan sahibləri iki qol vurdular, lakin fasiləyə daha böyük üstünlüklə yollana bilərdilər.

“Bayer”in qapıçısı Matey Kovar Juninyonun heç də asan olmayan zərbəsini dəf edə bildi, Marko Yankoviç isə topu dirəyə vurdu. Hər halda “Qarabağ” ilk yarının ortalarında istəyinə çatdı. Juninyonun təşkil etdiyi hücumu Yassin Benzia dəqiq zərbə ilə tamamladı. Oyunun bu hissəsində “Qarabağ” böyük üstünlüyə malik idi, məntiq növbəti qolun gələcəyindən xəbər verirdi. Bununla bundesliqanın liderinin problemləri bitmədi. İlk yarıya əlavə olunmuş dəqiqələrdə reaktiv Juninyo müdafiəçilərdən sıyrılaraq topu sakit şəkildə ayağına yıxılan qapıçının yanından tora göndərdi.

Alonsonun komandası birinci hissənin sonlarında özünə bənzəmirdi, zaman-zaman çox inamsız görünürdülər.  İspaniyalı məşqçi fasilədə Jeremi Frimponqu, daha sonra isə Virts və Cakanı meydana buraxdı. Almaniya klubunun oyunu müsbət istiqamətə dəyişdi. “Bayer” zərbələrinin sayını artırdı, “Qarabağ”da isə dəqiq ötürmələrin faizi aşağı düşdü. Qapıçı Andrey Lunyov Tapsobun uzaqdan zərbəsinin öhdəsindən gəlsə də, Virtsin hesab fərqini azaltmasına mane ola bilmədi. Düzdür, burda Zubirin kobud səhvi oldu. “Qarabağ”ın futbolçusu geriyə qeyri-dəqiq ötürmə verdi və Virtsi qapıçı ilə təkbətək çıxardı. Alman futbolçu hər şeyi gözəl ifa etdi. “Paraşüt” zərbə ilə topu rusiyalı qapıçının başı üzərindən tora göndərdi. Qapıçının yalnız halına acımaq olar, çünki onu komanda yoldaşı pis vəziyyətdə qoydu.

Təxminən 10 dəqiqədən sonra Juninyo az qala birinci hissədəki tryukunu təkrar edəcəkdi. O meydanın mərkəzindən qaçaraq qapıçı ilə təkbətək çıxdı. Lakin Kovar bu dəfə hücumçunun zərbəsini dəf edə bildi. Belə epizodları dəyərləndirmək lazımdır! Hakimin əlavə etdiyi dəqiqələrdə rəqib “Qarabağ”ı cəzalandırdı. Patrik Şik Robert Andrixin ötürməsini başla tamamladı. “Bayer”in hər iki qolunu meydana sonradan çıxmış futbolçular vurdu. Almaniya klubu 0:2-dən qaça bildi və məğlubiyyətsiz oyunlar seriyasını uzatdı. Hətta Azərbaycandan qələbə ilə də gedə bilərdilər. Beləliklə, Xabi Alonsonun komandası bu mövsüm hələ də uduzmayıb”.

Bənzər xəbərlər