“Sabah”da gördüyüm işlərlə həmişə fəxr edəcəyəm"
“Bu addımı özüm atmışam. Anladım ki, məşqçi dəyişikliyi lazımdır”.
Msport.az xəbər verir ki, bu sözləri “Sabah”dan ayrılan baş məşqçi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi onun gedişinin əleyhinə olub: “Amma bu, mənim qərarım idi. Onlar da hörmətlə yanaşdılar”.
Çalışdırıcının sözlərinə görə, bir neçə il keçirdiyin komandanı tərk etmək həmişə çətindir: “Sabah”da gördüyüm işlərlə həmişə fəxr edəcəyəm. Biz nəinki yaxşı nəticələr əldə etdik, komandanın özünəməxsus oyun üslubunu formalaşdırdıq. “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla başabaş mübarizə apardıq, qələbələr qazandıq”.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/2023-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.