"Şah"ın Berlin sınağı
Şəhriyar Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək FIDE Qran-Pri seriyasının sonuncu – III mərhələsində mübarizəyə başlayacaq.
Msport.az xəbər verir ki, B qrupunda yer alan şahmatçımız ilk turda almaniyalı Vinsent Keymerlə qarşılaşacaq. Məmmədyarov bu partiyada qara fiqurlarla oynayacaq.
Qrupun digər qarşılaşmasında isə rusiyalı Daniil Dubov və ABŞ təmsilçisi Lenyer Dominges üz-üzə gələcək.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-Pri iştirakçıları reytinq xalları əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə başa vurub və yarımfinala yüksələ bilməyib.
Seriyanın yekununda ən yaxşı iki qrossmeyster bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.