Samir Abasov: “Bunun altından çıxa bilməmişik”
“Oyun yox, ümumi vəziyyət haqda danışmaq istəyirəm. Futbolçularda yorğunluq var. Həm psixoloji, həm də fiziki cəhətdən belədir. Bəli, 1-2 oyunçu var ki, toplanış keçməyiblər. Bu da oyuna öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli komandaların fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra inamlı oynamalıyıq. Futbolçularla da danışıram, onlar yorğunluğu önə çəkir. Çempionatın əvvəlidir. Sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın IV turunun “Sabah”la oyunundan sonra deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Hesabda öndə oldunuz, ancaq üstünlüyü qoruya bilmədiniz. Nə çatmadı?
– Yorğunluğa görə hesabdakı üstünlüyü qoruyub-saxlaya bilmədik. “Sabah” evdə oynayırdı, güclü oyunçuları var. Tapşırığımız o idi ki, rəqibin cinah oyunçularını tək qoymayaq. Dayaq yarımmüdafiəçiləri onlara kömək etməli idi. Fernando Madeyros çatdırmırdı və yük digərlərinə düşürdü.
– Yeni transfer Alan Diaşı sifariş ərizəsinə nə vaxt daxil edəcəksiniz?
– Alanı indi sifariş etmək fikrimiz yoxdur. Onun vəziyyətini bilirik. Bir-iki aya hazır olacaq. Digər transferimiz, hücumçunun işi ilə məşğul idik və bu gün saat 13:00-a qədər gözlədik. Amma nə Özbəkistan Futbol Federasiyasından, nə də AFFA-dan asılı olan məsələdir. Sistem olaraq FIFA-da nəsə yaşandı, ona görə alınmadı. İnanırıq ki, yaxın günlərdə onu da iştirak ərizəsinə daxil edəcəyik.
– Bilirik ki, mövsümlərarası fasilədə “Neftçi”dən sizə təklif gəlmişdi. Bu gün “Sumqayıt”ın sükanı arxasında qaldığınıza görə peşman deyilsiniz?
– Əsla. Ən azından öz şəhərimin komandasının baş məşqçisiyəm. Ona görə heç vaxt peşman olmaram. Bir dəfə təklif gəlibsə, başqa vaxt da təklif gələ bilər. “Sumqayıt”la müqaviləm var idi və komandanı bəzi insanlar kimi qoyub-qaçmaq fikrində deyildim. Futbolçularıma inanıram və sona qədər onlarlayam.