featured-image-26261

Bakı Olimpiya Stadionunda hər şey əla idi, “Qalatasaray”ın marşları, oturacaqlara qoyulmuş Azərbaycan-Türkiyə bayraqları, tribunaları doldurmuş azarkeşlər. Amma… Amması barədə bir az sonra.

“Qarabağ” Türkiyə Super Liqasının lideri qarşısında əla təsir bağışladı. Azərbaycan çempionu oyuna Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Marko Veşoviç, Marko Yankoviç, Ramil Şeydayev, Musa Qurbanlı, Riçard Almeyda kimi əsas heyət futbolçuları olmadan çıxmışdı. Hələ mən Filip Ozobiçi, Gürcüstan yığmasına çağırılan Luka Quqeşaşvilini demirəm.

Düzdür, “sarı-qırmızılılar” da Bakıya əsas heyətlə gəlməmişdilər. Amma “Qalatasaray”ın hətta ikinci heyəti belə Türkiyədə rahat ilk yerlər üçün oynaya bilər. Serjiu Oliveyra, Nikolo Zanyolo, Bafetimbi Qomis, Mauro İkardi, Xuan Mata – bu futbolçuların dəyəri milyonlarla ölçülür. Zanyolonu bu dəqiqə Avropanın əksər top-klubları öz heyətində görmək istəyirlər. Onun “Roma” ilə problemləri yaranmasaydı, “Qalatasaray” heç vaxt 15 milyona ala bilməyəcəkdi.

Qurban Qurbanovun komandası dünən demək olar ki, heç bir komponentdə rəqibdən geri qalmadı. Təsəvvür edin, qonaqların qapıçısı Okan Kocuk qarşılaşmanı 8 seyvlə başa vurdu.

Matçdan sonra “Qalatasaray” azarkeşləri Abdullah Zubirin instaqram səhifəsinə axın ediblər. Fransalı yarımmüdafiəçi son vaxtlar ən yaxşı oyunlarından birini keçirdi. Epizodların birində Zubir “Qalatasaray”ın 3 futbolçusunu keçib cərimə meydançasına daxil ola bildi. Hələ Zubirin indi 31 yaşı var, görün türkiyəli futbol sevərlər onun 3-4 il əvvəlki performansını görsəydilər, nə deyərdilər. Medina da müdafiə xəttində əla təsir bağışladı. “Qarabağ”ın mərkəz müdafiəçisi əksər təkbətək mübarizələrdən qalib ayrıldı.

Deyə bilərsiz ki, yoldaşlıq oyunu idi, “Qalatasaray” tam gücü ilə oynamırdı, futbolçular özlərini qoruyurdu. Təbii ki, bu amillər var idi. Amma Okan Burukun vaxtı uzatmaq üçün 90+1-ci dəqiqədə 3 dəyişiklik etdiyini, “Qarabağ”ın oyunçusu yerdə qalanda “Qalatasaray”lıların topu kənara vurmadığını yada salanda aydın olur ki, İstanbul klubu qələbə qazanmaq istəyirdi. Ümumiyyətlə, matçların statusundan asılı olmayaraq, baş məşqçilər hər görüşdən qalibiyyətlə ayrılmağı arzulayırlar.

İndi isə gələk yazının əvvəlindəki ammalara. “Qarabağ” dünən Bakıda özünü səfərdəki kimi hiss etdi. “İmarət” və “Qarabağ Ordu” fan klubunu çıxsaq, stadiona Ağdam klubunun formasında gələnlər çox az idi. Olimpiya Stadionu sarı-qırmızı rəngə bürünmüşdü. Diktor heyətləri elan edəndə azarkeşlər “Qalatasaray” futbolçularının adını birağızdan səsləndirirdilər. Növbə “Qarabağ”a çatanda isə… yaxşı ki, “İmarət” var idi.

Təşkilatçılar oyunun yadda qalan olması üçün əllərindən gələni etmişdilər. Stadiona gəlmək üçün “Qara Qarayev” və “28 may” metro stansiyalarından xüsusi avtobuslar ayrılmışdı. Matçdan əvvəl futbolçularla meydana çıxan uşaqlar şəhid övladları idi. “Qalatasaray”ın ən azı 3-4 müxtəlif marşı səsləndirildi. Burda bir məqama diqqət yetirməkdə fayda var ki, “Qarabağ”ın hələ də düz-əməlli marşı yoxdur. Vallah, “Qalatasaray”ın marşlarını dinləyəndən sonra “danışan dil-dodağım, tar- kaman Qarabağ” mahnısı bizi sanki  “Yeşilçam” filmlərinə aparırdı. Yəni pul verib bir yaxşı, marş yazdırmaq nə çətin işdir ki?

Uzun illərdir gözlənilən “Qalatasaray”ın Bakı səfəri nəhayət ki, baş tutdu.  Bəlkə də hansısa çatışmazlıqlar oldu, “Qarabağ” gözlənilən diqqəti görmədi, lakin oyunun ali məqsədinə görə bütün bunlara göz yummaq olar. Çünki zəlzələdən əziyyət çəkənlərin həqiqətən də dəstəyə böyük ehtiyacları var.

AYXAN  

Bənzər xəbərlər