featured-image-9002

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sassuolo” klubundan Canluka Skamakkanı transfer edib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İtaliyadan olan 23 yaşlı hücumçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb. “Vest Hem” bu keçidə görə “Sassuolo”ya 36 milyon avro ödəyib. Həmçinin futbolçunun gələcəkdəki mümkün satışından da 10 faiz pay İtaliya klubuna çatacaq.

Canluka Skamakka peşəkar karyerasına məhz “Sassuolo”da başlayıb. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 16 qola imza atıb. Amma italiyalı hücumçu əvvəlki mövsümlərdə “Kremoneze”, “Zvolle”, “Askoli” və “Cenoa” kimi klublarda icarədə oynayıb.

“Sassuolo” Skamakkanın əvəzində uruqvaylı hücumçu Aqustin Alvaresi transfer edib. “Penyarol”dan gələn 21 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. İtaliya klubu bu transferə görə Uruqvay təmsilçisinə 12 milyon avro ödəyib. Aqustin Alvares 2020-ci ildən “Penyarol”un əsas komandasında çıxış edirdi. O, bu komandada keçirdiyi 3 mövsüm ərzində 90 oyuna çıxıb, 34 qol vurub. Gənc forvard ötən ildən dəvət aldığı Uruqvay yığmasında da 4 oyuna 1 qol vurub.

“Sassuolo” Norveç yığmasının hücumameylli yarımmüdafiəçisi Kristian Torstvedti də transfer edib. Belçikanın “Genk” klubundan gələn 23 yaşlı futbolçu ilə də 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Genk”ə 10 milyon avro ödənilib.

Kristian Torstvedt peşəkar karyerasına “Vikinq”də başlayıb. O, 2020-ci ildən “Genk”də çıxış edirdi. Yarımmüdafiəçi Belçika komandasında 87 oyuna 17 qol vurub. Futbolçu Norveç yığmasında 17 oyuna 4 qolla yadda qalıb.

Bənzər xəbərlər