featured-image-36463

Azərbaycan Premyer Liqasının V turunun “Sabah” – “Turan Tovuz” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Səfərdə qələbə qazanmağımız möhtəşəm oldu. İki komanda da ötən tur uduzmuşdu. Futbolçularım soyuqqanlı oynadı. Çempionat gərgin keçəcək. İstirahətə gedirik, çalışacağıq, bundan səmərəli istifadə edək. Bəzi oyunçuların formasını bərpa etməyə ehtiyacı var. Rəhbərliyə təşəkkür edirəm. Məğlub olanda arxamızda durdular. Fanatlarımız da bizi tərk buraxmadı. İşimizə davam edirik. 3-4 tura nəsə demək olmaz.

– Evdə “Səbail”ə uduzursuz, amma səfərdə “Sabah”a qalib gəlirsiz… 

– Statistika çoxdur. Evdə də yaxşı oyunlarımız olub. Çalışacağıq, bu məsələni də aradan qaldıraq. “Səbail”ə uduzmaq o demək deyil ki, çempionat bitib. Futbolçuları bugünkü oyuna kökləmək vacib idi.

– Təbii örtüyün bu oyunlara nə qədər təsiri var?

– Futbolçular, ən çox da legionerlər süni meydançanı sevmir. Əməliyyat olan futbolçu özünü risk etmək istəmir. Süni örtüyü bəhanə etmək olmaz. “Səbail”ə pis oynadıq. Erkən qolun da təsiri oldu. Maneələrdən biri də süni meydançadır.

– “Səbail”ə uduzandan sonra rəhbərlik konfrans təşkil etdi və hədəfin elitada qalmaq olduğunu dedi. Sizin hədəfiniz nədir?

– İddiamız böyükdür, istəyirik komandanı yaxşı yerlərə gətirək. Hamı Konfrans Liqasına getmək istəyir. 5-6 transfer edirik və hamı deyir Konfrans Liqası. Bəs, sonra? İstəyirəm ki, “Turan Tovuz” klub olsun. Tək əsas komanda yox, akademiya, aşağı yaş qrupları da inkişaf etməlidir. Futbolçu uduzmaq istəmir, amma reallıq var. Bəzi oturmuş komandalar var, onlar da Avroliqaya oynayırıq deyir, biz də. Düzgün başa düşmək lazımdır. Biz iddialı komanda qurmaq istəyirik. Bunun üçün də 2-3 il vaxt lazımdır.

– Rəhbərliyin sona qədər dəstək olacağına inanırsız?

– Bizə inanırlarsa, bütün gücümüzü işə qoymalıyıq. Rəhbərlik, futbolçular, akademiya, hamımız bir-birimizə inanırıq. Çox çətin yoldur, birlikdə irəliləyəcəyimizə inanıram.

– Rəhbərlik hədəfin elitada qalmaq olduğunu deyib. Qışa qədər lazım olan xalı toplasaz, gənclərə şans verməyi düşünürsüz? 

– Ötən il də bəzi oyunçuların debütü oldu. Əvəzedici komandamızda aşağı yaş qruplarından olan uşaqlar da çıxış edir. Turnir cədvəlinin verəcəyi rahatlıq olarsa, gənclərdən istifadə edəcəyik. Onlar da şans qazanmalıdır. Planımızda olan şeylərdir.

Bənzər xəbərlər