featured-image-36654

“Turan Tovuz”un müdafiəçşisi Şəhriyar Əliyevin Msport.az saytına müsahibəsi

– Azərbaycan Premyer Liqasının V turunda səfərdə gözlənilmədən “Sabah”a qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
– Bu cür komandanı səfərdə məğlub etmək möhtəşəm hissdir. Rəqibin həm avrokubok, həm də çempionat oyunlarını analiz etmişdik. Həqiqətən çox yaxşı komandadır. Usta futbolçuları var. Boşluq verəndə maksimum istifadə edirlər. Şükürlər olsun ki, qələbə qazandıq.

– Sizcə, qələbədə əsas rolu nə oynadı?
– Rəqibi düzgün analiz etmişdik. Düşünürəm ki, komanda şəklində səhvsiz oynadıq və qalib gəldik. Qələbəni rəqibdən daha çox istəyirdik. Meydanın hər qarışı uğrunda amansız mübarizə gedirdi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Hamı qələbə üçün alışıb-yanır, bir-birinə kömək edirdi. Bəlkə də bu birliyimizə görə sonda sevinən tərəf biz olduq.

– Qollardan birinin müəllifi siz oldunuz…
– Əlbəttə, qol vurmaq gözəl hisdir. Amma əsas müdafiədə etibarlı oynamaqdır. Sevindici haldır ki, top buraxmadıq. Standart vəziyyətlər zamanı qabağa gedirik. Şans düşdü, fərqləndim. Əsas odur ki, qələbədə mənim də payım oldu. Vurduğum qolu azarkeşlərimizə həsr edirəm. Onların dəstəyini o qədər hiss edirik ki, bu da bizə inam verir. Qol vurmasam belə, hər oyunda komandama xeyir vermək istəyirəm.

– Komandanız son 5 turda 2 dəfə məğlub olub, 3 oyunda isə qalib gəlib. Sizcə, qeyri-stabillik nə ilə bağlıdır?
– Oyunlardan birini “Qarabağ”a uduzmuşuq. Bu, elə komandadır ki, haqqında çox danışmağa ehtiyac da yoxdur. Digər məğlubiyyətimizi isə evdə “Səbail”dən aldıq. Azarkeşlərimizi sevindirmək istəyirdik. Bizə hər oyunda dəstək olurlar. Bəlkə də üstümüzdə təzyiq olduğu üçün uduzduq. 5 oyuna 9 xal toplamışıq, pis nəticə deyil. İnanıram ki, hər şey daha yaxşı olacaq. “Səbail”lə görüşdə elə qollar buraxdıq ki, məğlubiyyətə təsiri oldu. Əsas odur ki, ruhdan düşmədik. Bir yerə yığışdıq, dedik ki, növbəti turda qələbə qazana bilərik. Şükürlər olsun, bu inam bizə sonra 3 xal gətirdi.

– Bu mövsüm Premyer Liqada əsas hədəfiniz nədən ibarətdir?
– Qarşımıza konkret hədəf qoyulmayıb. Əlbəttə, mən də istəyərəm ki, avrokuboklara vəsiqə qazanaq. Amma komandamız yeni formalaşıb. Məqsədimiz Premyer Liqada qalmaqdır. Heyətə yeni oyunçular qoşulub. Uyğunlaşma ilə bağlı çətinlik çəkirik. Əlimizdən gələni edəcəyik ki, nəticələr yaxşı olsun.

– Klubdakı uğurlu çıxışınıza baxmayaraq, milli komandaya dəvət almadınız. Bunun səbəbini nədə görürsünüz?
– Mənim işimi oynamaqdır. Öz oyunumla həm komandama xeyir verməyə, həm də yığmanın baş məşqçisinin diqqətini cəlb etməyə çalışıram. Qərarı De Byazi verir. Çağırılmamışamsa, öz üzərimdə daha çox işləyəcəyəm.

Bənzər xəbərlər