Sevinək, yoxsa yox?
Milli komandamız Trnava səfərində Slovakiya üzərində qələbə qazandı. Amma bu matçdan təxminən 3 saat öncə Qazaxıstanın qrupu 1-ci yerdə başa vurması rəsmiləşdi. Təbii ki, Slovakiyanın belə vəziyyətdə yığmamızla oyuna hansı motivasiyayla çıxması barədə müxtəlif versiyalar səsləndirmək olar.
Düzü, indi məni düşündürən əsas məsələ Qazaxıstanla görüşdə də uğurlu nəticə əldə olunacağı halda AFFA-nın Canni de Byaziyə münasibətinin dəyişib-dəyişməyəcəyidir. Hələ bir neçə ay öncə federasiyanın baş katibi Sərxan Hacıyev əsas məqsədin qrupda 1-ci yeri tutmaq olduğunu demişdi. Komanda bu tapşırığın öhdəsindən gələ bilmədi, amma yığmamız Belarus və Slovikiya ilə oyunları 3 xalla başa vurdu. De Byazi də hələ gələcək taleyinin necə olacağını bilmir. O, Slovakiya ilə görüşdən əvvəl “Azərbaycandakı fəaliyyətim bu iki oyundan asılı deyil” demişdi.
İtaliyalı məşqçi yalnız tsiklin sonunda haqq yoluna gəldi. O, Trnavada sevimli 5 müdafiəçi ilə oynamaq taktikasından əl çəkən kimi uğur qazana bildi. Deyilənə görə, Belarusla Bakıdakı qarşılaşmada da futbolçular De Byazidən taktikanı dəyişməyi, “Qarabağ” kimi oynamağı xahiş ediblər. “Dalğa Arena”dakı matçda Maksim Medvedevin texniki zonada fəal şəkildə tapşırıqlar verməsi, komandaya “rəhbərlik etməsi” danışılanların heç də tam şaiyə olmadığını düşünməyə əsas verir.
Slovaklarla matçda start heyətində “Qarabağ”ın 6 futbolçusu var idi. Belə vəziyyətdə De Byazi onsuz da “Qarabağ” kimi oynamağa məcbur idi. Üç ildir ki, media, mütəxəssislər italiyalı məşqçiyə izah etməyə çalışırlar ki, bu cür ultramüdafiə futbolu ilə nəsə etmək mümkün deyil. Portuqaliya, Serbiya kimi rəqiblərlə görüşdə bu cür oynamağı anlamaq olar. Amma rəqib Belarus, Qazaxıstan, Lüksemburq, lap elə Slovakiyadırsa, daha fərqli heyət seçmək, hücumameyilli futbol nümayiş etdirmək daha məqsədəuyğundur.
Düzü adam bilmir, Slovakiya üzərində səfər qələbəsinə sevinsin, ya yox? Bu, bilirsiniz nəyə oxşayır? Bir kişinin gözünün ağı-qarası qız övladı min bir əziyyətlə universitetə qəbul olub atasını sevindirir. Amma kişi buna doyunca sevinməmiş məlum olur ki, anası vəfat edib. Ata ilə qızı qalırlar ikili hisslər içində, sevinsinlər, ya yox? İndi bizim yığma ilə də bağlı eyni vəziyyətdir. Komanda səfərdən qələbə ilə dönür. amma bundan bir neçə saat əvvəl millimizdən elə də güclü olmayan Qazaxıstan qrupu 1-ci yerdə başa vurur. Biz bəlkə də son turda qələbə qazandıq, amma məğlub olduqları oyundan sonra da özlərini çox xoşbəxt hiss edən qazaxlara baxıb 3 xala sevinə biləcəyikmi?
ELNUR MƏMMƏDLİ