featured-image-37488

“İlk növbədə lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Oyuna gəldikdə, 2 məğlubiyyətdən sonra bu gün qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı”. 

Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, heç-heçənin (0:0) ədalətli nəticə olduğunu bildirib: “İkinci hissədə real qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, meydandan 3 xalla ayrıla bilərdik. Amma hesab edirəm ki, heç-heçə ədalətli nəticədir”.

“Sumqayıt”ın məşqçisi aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: “Mən özüm də başa düşmədim ki, niyə qırmızı vərəqə aldım. Oyunun gərginliyindən 20-30 santimetr xətti keçmək olar. Belədə heç olmasa sarı vərəqə versinlər də. Açığı, tam başa düşmədim. Hakim deyir ki, qaydalarda belədir. Mən 5-6 metr irəliləyib nəyəsə etiraz etsəydim, o zaman qərarı anlayışla qarşılayardım. Bilmədən 20 santimetr xətti tapdalamağa görə qırmızı vərəqə nə dərəcədə doğru qərardır? Sarı verərdi də, qırmızı vərəqəyə ehtiyac yox idi”.

Bənzər xəbərlər