featured-image-43025

Sumqayıtda Mehdi Hüseynzadə adına stadionun açılış matçına damğasını vuran futbolçu Kasimir Ninqa oldu. Meydan sahiblərinin hücumçusu dubl edərək “Neftçi” üzərində qələbənin (2:1) əsas memarı oldu. 30 yaşlı forvard cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırdı. Çadlı oyunçu mövsümün əvvəlində azad agent kimi “Sumqayıt”a qoşulub.

Bilirdiniz ki, indi Samir Abasovun komandasında əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu 2021\2022-ci illər mövsümündə “Anje”nin heyətində Liqa-1-də 16 oyun keçirib. Ninqa 20 aprel 2022-ci ildə keçirilən “Anje” – PSJ matçında 14-cü dəqiqədə zədələnən Sofian Bufalın əvəzinə meydana daxil olub və Mbappe, Serxio Ramos, Di Mariya, Hakimi, Markinyos kimi ulduzlara qarşı oynayıb. Paris təmsilçisi həmin qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanıb. Buna rəğmən, Nianqın fərqlənmək üçün imkanı olub. Epizodların birində onun Serxio Ramosla top uğrunda mübarizəsi həmin dönəmdə Fransa qəzetlərini bəzəyib.

media-Angers-PSG

2019-cu ildə isə o, “Kan”ın formasını geyinərkən PSJ-nin qapısına yol tapa bilib – 1:2. Maraqlıdır ki, paytaxt klubunun heyətində Mbappe dubl edib.

media-ning-5

Nianq Liqa-1-də “Anje”dən başqa, “Kan” və “Monpelye” klublarında da çıxış edib. O, Fransa yüksək liqasında ümumilikdə 130 oyunda meydana çıxıb. Ən məhsuldar mövsümü isə 2015-2016-cı illərdə olub. Ninqa həmin il 26 matçda 7 dəfə fərqlənib. 

Çad millisinin üzvü 2020-2021-ci illərdə icarə əsasında “Sivasspor”da forma geyinib. O, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib. Ninqa Türkiyə təmsilçisinin 2:0 və 3:2 hesabı ilə qalib gəldiyi görüşlərdə Qurban Qurbanovun komandasının qapısına yol tapa bilməyib.

media-ning-3

Ninqa “Sumqayıt”a gəlməmişdən qabaq son mövsümü Kiprin “Anortosis” komandasının heyətində keçirib.

“Sumqayıt”ın hücumçusu Çad millisində 18 oyunda 5 qol vurub.

 

Bənzər xəbərlər