Tahir Gözəl: "Futbolçuların ürəyindəki alovu gördüm"
“70-ci dəqiqəyə qədər “Bayer”lə oyunda öndə olmaq… “Qarabağ” Avropada tarixi rekordu qırır”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda Almaniya “Bayer”i ilə 2:2 hesablı heç-heçə etdikləri ilk oyunu şərh edərkən deyib.
Funksioner bildirib ki, komandanın qarşısında Avropanın ən güclü klubu var idi: “Son dəqiqələrdə qol olmasaydı, tarix yaşayacaqdıq. Amma mən yenə də Qurban Qurbanova, canlarını qoyan futbolçularıma, möhtəşəm azarkeşlərə və xalqıma təşəkkür edirəm. Həyatımın ən çətin anlarından biri “İnter”lə oyun idi. Həmin matçdan sonra Prezident İlham Əliyev dedi ki, mən sizi qalib hesab edirəm. Bu qalib ruh buraya gəldi. Çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Biz buna layiqik. Bizim içimizdəki bu alovu heç kim söndürə bilməz. Davam edəcəyik. Demişdim ki, “Qarabağ” Avropada sürpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün bu sürprizi gerçəkləşdirdik. Tam istədiyimiz alımmasa da, hər iki komandanı təbrik edirəm. Möhtəşəm oyun oldu”.
Tahir Gözəl bir həftə sonra keçiriləcək cavab görüşü haqqında da fikirlərini bölüşüb: “Paltardəyişmə otağında futbolçularla görüşdüm. Onların ürəyindəki alovu, inamı gördüm. Almaniyaya möhtəşəm klub gedir. Əlbəttə bu, futboldur. Nəticəni biz bilmirik. Sizə bir şey deyim, oraya çox əzmkar “Qarabağ” gedəcək. Bundan heç kəsin şübhəsi olmasın. Almaniyada yaşayan hər kəsi səfər oyununda stadionda gözləyirik”.