Tahir Gözəl: “Qarabağ”ın içində olan savaşçı ruhu bizi qələbəyə götürəcək”
“Qarabağ” artıq hər azərbaycanlının ürəyində özünə yer tapan önəmli klubdur.
Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner 6-cı dəfə “qızıl dubl” etdiklərini xatırladıb: “Çox gərgin matç alındı. Sonuncu dəqiqəyədək qarşılaşmanın əlavə vaxta gedəcəyini gözləyirdim. Rəşad Sadıqovun məharəti ortada idi. “Zirə” canla-başla mübarizə apardı. Çox sevinirəm. Bu qələbə bizi Avropa yolunda daha da motivasiyalı edəcək və klubumuz bunu böyük məsuliyyətlə dərk edir”.
O, Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamağın komandaya müsbət təsir edəcəyini söyləyib: “Biz əsas raunda bir pillə daha yaxın olacayıq. Mən güman edirəm ki, hamımız Qurban Qurbanovla bütün ciddiyətlə iş görüb yenə millətimizi və cənab Prezidentimizi sevindirməyə çalışacayıq. Orada qarşımıza çıxan rəqiblər çox böyük və nəhəng klublardır. Avropada asan oyun deyə bir şey yoxdur. Əsas biz yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ın içində olan savaşçı ruhu bizi qələbəyə götürəcək”.