featured-image-37545

Maraqlı oyun oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, yaxşı mənada hər kəsi təəccübləndirir. Oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışırıq.

Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” komandasının futbolçusu Orxan Əliyev Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı hücumçu bildirib ki, qol epizodlarından düzgün istifadə edə bilsəydilər, nəticə fərqli olardı: “Təəssüf ki, üstün oynadığımız oyunda məğlub olduq. Futbolda fərqlənmək üçün hər zaman epizodlar olur. Əlbəttə, mən də yaxaladığım qol fürsətlərini dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim. Birinci epizod zamanı cərimə meydançasına girərkən topa birbaşa zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkan zamanı isə uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur. Bu matçdakı nəticə hər iki komandanın turnir cədvəlinin üst sıralarında qərarlaşmasına kömək edəcək, həm də aşağı pillələrdəki digər klublarla xal fərqini artıracaqdı. Qələbə qazansaydıq, ikinci pilləyə yüksələcəkdik. Çox pis olmuşam. Yadıma düşəndə təəssüf hiss keçirirəm”.

Artıq “Zirə” komandası ilə VII turda keçirəcəkləri oyuna hazırlaşdıqlarını söyləyən O. Əliyev rəqibin güclü olduğunu dilə gətirib: “Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, heç vaxt meydana çıxanda bərabərlik haqqında düşünməmişik. Baş məşqçi bizdən hər zaman qələbə istəyir. Oyun fəlsəfəsi budur. “Neftçi” və ya “Qarabağ”la oyunlarımızda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı oyunu nəticəyə daşımalıyıq. Çünki xalı oyuna yox, nəticəyə görə verirlər. Birinci divizionda da qol vurmaq asan deyildi. Düzdür, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər işləməlisən ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan”.

Qeyd edək ki, Orxan Əliyev hazırda 3 qolla “Araz-Naxçıvan”ın bombardiri, Premyer Liqanın isə ən sərrast ikinci futbolçusudur.

Bənzər xəbərlər